Monday, March 22, 2004



سؤنمز بير اشتياق ، دؤنمز بير ايلغار

نويد آذربايجان- شماره 333 سال ششم 15 ذيحجه 1424 7 فوريه 2004 18 بهمن 1382
باقر رشادتي


« ايران اؤلكه سينين موسيقي سؤزلوگو» نون ايكينجي جيلدين ده « كامانچا» سازي موريدينده اؤزل بير گرچك قئيد اولوبدوركي آشاغيداكي تيكرارلاما، اصل سؤزوموزو آچيب ، آيدينلاماق اوچون يئرسيز دئييل : « نظره گلن موختليف دؤوره لر و عصيرلرده ، كامانچا سازي چالغيچيلار واسيطه سي ايله ، جامعه نين سياسي و اجتماعي گره كلري اوزره بعضا آشكاردا و بعضا ده گيزلينجه چالينارميش».


بو تاريخي قوْنويا بنزر اولو اوستاد « بولوت قارا چورلو» نون« سازيمين سؤزو» كيتابينين جيلدي اوستونده، چوخ گؤزل بير دئييمي وار:

اوردا كه ديل آغيز سؤزدن اوسانار
سوْروشون مطلبي تئللر سؤيله سين
دوداق دانيشارسا اوْد توتار يانار
گركدير زخمه لر ، اللر سؤيله سين


توركلرين اؤوونمك سندي آدلانان « دده قورقود» كيتابينين داستانلارين مهارتله شعره (نظمه) چكن « ب . ق. سهند» «بكيل اوغلو عمران» پوئماسينين باشلانيشيندا ، اؤزون اعتيبارلي بير فيلسوف كيمي گؤستريب تانيتديرميشدير .


كرلي فرلي يوخ بزه ك سيز دئسك : آدلي ـ سانلي شاعير ائله همن اؤن سؤزده بير پارا چتين و لاپ اؤنملي سوْرغو ـ سواللاري آراشديرماق ايسته ييب كي ، حتي ايگيرمي بيرينجي عصيرده ده « گون قونو» لاري ايديلر و تازاليقلارين الدن وئرمه ييبلر .


منجه بولوت قارا چورلونون اينساني ايدالينين اوفوقسوز دونياسينا كيچيك بير پنجره آچماق اوچون ، او حيصه سورغو ـ سواللارا ديقت يئتيرمك ، سايغي گؤسترمك دير.


خيال نه دير ؟!
آختاريجي طرلان ، هئچ اولچويه سيغينمايان گومان . البتده خيال دوشگونلشسه ، زهله سيز شبح كيمي بيزيمله قارشي دورار .


2ـ اينسانين ماهيتي هانسي دير ؟!
بوتون عجبلردن عجبدير، دينمز ، خئير ، شرّ ، سؤنمز بير اشتياق، دؤنمز بير ايلغار ، دمير چاريقلار صاحيبي يورولماز يولچو!


3ـ يولون آخيري هارا گئدير ؟!
كمال آدلي يوكسك بير مقصده


4ـ حئيرت نه دير ؟!
وصفه گلمه ين غريبه بير حالا قالماق .


5ـ دوغروسو ( مدهش واقعيت ) ائله همن « وارليق» دير ؟!
وارليق ! بلي ائله همن مدهش واقعيت اساس معمادير . آنجاق ، هئچ آچار بو سيررين خزانه سينين قاپيسيني هله ده آچماييب، آچماز !


6ـ دوشونمه گين تمه لي نه دير ؟! اوجاليقي هارايا قدر دير ؟! بو نه قورولوش دور ، من كيمم، نه يم؟
سؤال اولونماق ! بو سؤز ، آنجاق تفكورون باش ذيروه سيدير .


7ـ طبيعي عادت اينسان اوچون هانسي دير؟!
هر شئيي زاماندا ، مكاندا گؤرمك .


8ـ خيالين اوچما اته گي هارايا قدر دير ؟!
قارشيدا آخيري گؤرونمز باخديقجا گؤزو قاراردان بير يول .


9ـ قاف داغي آرخاسيندا نه خبر وار ؟!
سيمرغ آختارماق يوخ! جان آتماق ، دونيا قفسيندن جانلار قورتارماق.


10ـ دؤشونمك اوچون دوشونه نين ووجودو گره كلي دير يوخسا يوخ؟!


فيكيرسيز ـ دويغوسوز چوخ شئيي گؤرموشم
بير يوخ ، ايكي يوخ ، بو دونيا ـ عالمجن
لاكن هئچ حالتده « فيكري» ،« دويغونو»
آيري گؤرمه ميشم « فيكرله شندن»
قورو بوش « فيكير» يوخ « فيكيرله شندير»
بوتون « وارليقلاري» دويور ـ آنلايير
« آنلانان» اولماسا نه آنلاشيلار؟
ايش « آنلاميش» دا يوخ « آنلاناندا» دير


11ـ اينسان كمالا يئتيشمك اوچون نه وظيفه داشييير؟!
خلقينين ، ائللرينين نبضي ، اون ايله وورسون ، هر قلبي چيرپيناندا ، كؤكسونده بير اوره ك يوخ ميليون اوره ك چيرپينسين !


12ـ حتتا خيردا واقيعه نين اوٍز وئرمگي بيليمسل و معنالي دير ؟!
اونونجو ساييدا گلن قئيده گؤره بولوت قاراچورلو حتتا خيردا واقيعه نين اوٍز وئرمگين بيليمسل و معنالي سانيب سؤيله يير:


او دور كه يوزو ـ يوز آيه دئسن
دونياني ، اينساني ، دانا بيلمه رم
باش وئرن ان كيچيك حاديثه نيده ،
معناسيز ، سببسيز ، سانا بيلميرم .


13ـ حيات نه دير ؟!
گؤرونمز بير مقصدين ، داشلي ـ تورپاقلي يولو !
دونيادا وورغون اولمالي شعله ، بو گونو دوغان كئچن گون ، وقتيله صاباحي دوغان بوگون .


14ـ اؤلومله ـ حياتين باغليغي هانسي دير ؟!


اؤلومله ـ حياتدا بير بوتونلوك وار
گل توخوم اولماسا توخوم گل اولماز
آنجاق ائلي اوچون ياشايانلارين
اؤلوب گئتمك ايلن عؤمرو قورتولماز


Tuesday, March 09, 2004

Bulud Qaraçorlu Səhəndin “Qurbanımı qəbul elə Araz” şé’rinin təhlili:1

· İsmayıl Ülkər (Mədədi)

Səməd!

Nə yazım Səməd?!
Dənli xərmənimin yanmasın yazım?
Sərin su kuzəmin calanmasın yazım?
Dağlı sinəmin alovlanmasın yazım?

Mən sənə nə yazım Səməd?
Həsrətim kimi yaxacaq?
Göz yaşıma kim baxacaq?
Araz yénə də axacaq!

Səməd! Kimi çağırım? Nə qədər bağırım?
Səməd!
Söylə mənə, söylə Araz!
Nədən bizlə oldun bélə Araz?
Kəsdin iki qardaş arasın
Aldın Muğan’ın “Sara”sın
Boğdun élimin dəyərli balasın!
Bəsdir!
Bəsdir!

Qurbanımı qəbul élə Araz...

19 Şəhrivər 1347 (6 Sentyabr 1968)

* * *
İsmayıl Ülkər


Bir şairi tanımanın ən bəsit yollarından biri onun həyatı boyunca oturub- durduğu, şé’rlərində müraciət étdiyi, öyündüyü ve sevdiyi insanları tanınmağımızdır. Buna görə də Səhəndin şəxsləre yazdığı şé’rləri, Səhəndi bizə daha yaxşı tanıtdığı üçün önəmlidir.


Səhənd, iki fərqli tarixdə Səməd Béhrəngi (1939-1968) haqqında iki şé’r yazmışdır. Béhrəngi, -Farsca olsa bélə- yazdığı öykülər (hekayələr) və etdiyiı ilk folklor toplumları ilə tanıdılmağa éhtiyacı olmayacaq qədər məşhur Günéy Azerbaycan yazarlarından biridir.[1] O tanınmış Fars yazarı, “Cəlal- Al Əhməd”in bélə öydüyü kimi “tək başına [bir xalqın] ana dilinə olan borcunu ödəmeyi boynuna götürən”[2] bir yazar idi... Béhrəngi, ana dilinə və milli folklor və ədəbiyatına fövqəl’adə önəm vérən, həyat fəlsəfəsi é’tibarıyla materealist və ideoloqiya acıdan sosialist bir yazar idi.


Səhənd, iki şé’rini Béhrəngi’yə həsr étməsiyle dünya görüşü və düşüncələrinin bir çox yöndən onunla bir istiqamətdə olduğunu sərgiləmişdir. Siyasi-ədəbi mövqéyi bəlli olan insanlara (Səməd Vurğun kimi) şé’rlərində yer-yer müraciət édən Səhənd yaradıcılığının xaraktérik özəlliklərindəndir.


Səhənd, birinci şé’rini (yuxarıda mətni vérilən) Türkcə olaraq və Səmədin Arazda boğulmasından on gün sonra yazmışdır. İkinci şé’ri isə Farsca və onun ölümündən aşağı yuxarı on il sonra qələmə alınmışdır.


İyirmi sətir və ya gələnəksəl tə’birlə désək iyirmi misradan ibarət olan bu şé’rə, doqquz nida (tə’əccüb / ünləm) və on sual (soru) işarəsi (toplam 19 işarə) qoyulmuşdur. Halbuki Səhəndi, başqa əsərlərində durğu işarələrindən faydalanaraq şé’r yazmağı hədəfləməyən bir şair olaraq görürük. Bu işarələri, şé’rin quruluşu və hörgüsü ilə bir arada dəyərləndirmədən öncə, şé’ri daha yaxşı anlaya bilməmiz üçün, sadəcə “Səməd” adının sonuna 19 ədəd “!” , “?” qoyub düşünsək əsərin iskilətini təsbit édə biləcəyik.


S. Béhrəngi, Azərbaycan aydınları, yazıçıları və şairlərinin bir çoxu kimi “vaxtsız ölümü (əcəlsiz ölümü) ilə faciə ve éyni zamanda şübhəli bir şəkildə Araz çayında çimərkən boğulmuş və həyata vida etmişdir. İstər Quzéy Azərbaycanda Sovétlər Birliyi dövründə və istərsə Günéy Azərbaycanda Pəhləvi dövründə, hər aydının, yazarın və şairin ölümü xalq arasında şübhə və söz-söhbətlərlə qarşılanmışdır. Təbii ki, Béhrənginin ölümü də belə söhbətlərin mövzusu olmuşdur.


Şé’rin yazıldığı tarix də önəmlidir. Ümumiyyətlə bu kimi mərsiyə déyilə bilən şé’rlərin bir çoxu sévilən bir insanın ölümündən həmən sonra yazılır. Hələ dünyadan köçmüş insan, şair üçün çox önəmli və yaxın biri olursa şé’rin yazılacağı “hava”nın ölümün həmən ardından ortaya çıxması daha çox mümkündür. Görünür, şair bu on gün içində, bütün Azərbaycanı sarsıdan bu şübhəli və dəhşətli ölümün havasına qapılmış (təsirində qalmış), olayın nə cür olduğunu incəlmiş, sonunda Səmədin öz əcəli ilə öldüyünə “inanmış” ve nəhayət şé’rin yazılacağı “hava” və “istiqamət” bəlli olmuşdur. Bununla bərabər, şairin béyninin dərin qatlarında hökumətə qarşı olan güvənsizliyi, bütün şübhə pərdələrini qonu üzərində qaldırmağa izin vérməmişdir...


Səhənd, şé’rə Béhrəngi’dən bir növ yardım ıstəyərək başlayır: “Nə yazım Səməd?!” və Səmədi çox sévən şairin zéhnində oyanan ilkin tədailər (çağrışım) birər təsvir və tablo olaraq işin içinə girir: “kənd, xərmən, su kuzəsi və səhifə:..”


Səhənd yaradıcılığının özəlliklərindən biri kənd həyatını və təbiət ünsürlərini bol- bol şé’rlərində işlətməsidir. Şairin bir kənd uşağı olması, ilk həyat intibahları və uşaqlıq günlərini təbiətin qoynunda géçirməsi bu özəlliyi ona qazandırmışdır. Onun “Dədə Qorqud” dastanlarını şé’rlə söyləyə bilməsinə imkan vérən əsil ünsür, yénə “kənd”i və “təbiət”i yaxşı tanımasında gizlidir...[3] Şairin bu xüsusiyyəti sayəsində, Səməd’ə həsr etdiyi şé’r təbii, içdən söylənmiş və səmimi olmuşdur. Lâkin bu səmimiliyi anlaya bilmək üçün biraz kənd həyatından anlayışlı olmamız lazımdır. Səhənd, həyatının çoxunu şəhərdə yaşamasına baxmayaraq, şé’rlərində şəhər həyatı ünsürlərinə yer vérməmişdir. Bunu da şairin yaşadığı həyatdan zorakılıqla sürgün édilməsinə və şəhəri bir zindan kimi hiss etməsinə bağlaya bilərik...


Şé’ri bélə xülasə édə bilərik: Şairin, ailəsi ilə birlikdə bir il boyunca qazancının nəticəsi olan döyülməyə hazır xərməni yanmışdır! “Bir millətin bir əsr boyunca yetişdirdiyi bir insanı əldən gétmiş!” Dərdli sinəsi bomboş çöldə alovlar içində çayır- çayır yanarkən həyat qədər dəyərli “üstəlik serin!” su “həyat qaynağı” kuzəsi də tökülmüş: “Bir xalqın üəek dərdlərini ovudacaq, həyatını və varlığını davam étdirəcək bir insan ölmüş!” Şé’rin bu qismində incə bir düyün vardır: Şair, Béhrənginin özü ilə onun ölümünün nə qədər fəci olduğu haqda danışır! “Döyülməyə hazır yanan xərmən” əslində “Səməd Béhrəngi”dir. Amma Səhənd, özünü görmezliyə (və ya bilməzliyə) vuraraq “xərmənlərinin yanmasını” Səmədə xəbər vérmək istəyir! Béləcə şair, Səmədin ölümünə inanmadığını, onun “yaşamaqda olan” bir şəxs kimi göstərmek istəmişdir. Bir baxımdan “élin yanmış xərməni” olan Béhrəngi, başqa bir baxımdan da “xərmən ortağı” kimi göstərilir. Bu iki baxımı bu qədər uyumlu bir şəkildə bir araya gətirmək şé’rin gözəlliyini çoxaltmışdır... Şair, xərmənə, taxıla ortaq olan qardaşına bu xəbərlərimi yazacaq?


Səhəndin, “xərmənim” déməsində, éynən bir atanın, ailəsinin qarşısına çıxan bir uğursuzluğun bütün məsuliyyətini öz üzərinə alması və yaxud o uğursuzluğun əvəzini tək başına ödəməyə hazır olması kimi çox incə bir məna vardır.


Səhənd, bütün sosyal (içtimai) olaylardan (hadisələrdən) sorumlu (məs’ul) bir şairdir. Onun bu psixologiyasını “Kéçmiş Fədailərimizin Yadı”[4] adlı şé’rində: “Qulaq vérin yoldaşlarım, fikirləşin sözümə[ü]” misrasında béle görürük. O gəncliyindən bəri “lidér” bir kimliyə sahibdir. Pişəvəri hökuməti dövründə “Genclər (cavanlar) Təşkilatı”nın başqanı olmaqla bu ruh halını həyata kéçirmişdir...


Yuxarıda dédiyimiz kimi, bir baxımdan “yanan xərmən” ve “tökülən su” , Səməd ilə Buludun “ortaq malı”dır. Bəlkə Səmədin bu taxılda ortaqlığı olmasaydı, Səhənd bu qədər yaxınmazdı. Çünki “qardaşı” (Semed), onu aclıq və yoxsulluq dolu qış aylarından xilas édib, bahara çıxaracaqdı... Fəqət, şé’rin bu altı sətiri içərisində sıxışdırılmış dünya yıxılır. Şair özünə gəlir. Héç çaşmayan, yanılmayan, ən acımasız faciələr belə vécinə gəlməyən şair, gerçək və sərt həyatla qarşılaşır! Éyvah! Sən démə yanan, taxıl deyil də xərmənin varlığı, onun varlığına bağlı olan o dév ortaqmış! Bu ağırlıqda dərdi “Səməd kimi bir yazarın yoxluğunu” ancaq bir kişi (Səmədin özü!) ilə bölüşmək mümkün idi və indi o bir kişi artıq əbədi olaraq yoxdur! Səhənd, Səmədi bir millətə bel hesab édir. Şairin haraylarına, hayqırmalarına səs vérəcək ancaq bir şəxs var idi. Bu həsrətin nə olduğunu, bu göz yaşının nə cür siline biləcəyini ancaq bir kişi anlaya bilərdi və indi o bir kişi də daha yoxdur!..


Şair, bélecə yuxarıda şérə vurduğu o incə düyünü açır, ilham pərdələrini bir bir kənara çəkir və Səmədin ölüm gerçəyini həm özünə, həm də oxuyucuya andırır.


Bu arada “Səmedi boğan” Araz, iki tarixi və birbirinə zidd təda’isiyle (çağrışımıyla) şairin bütün fikrini özünə doğru yönəldir. Arazı Azərbaycansız və Azərbaycanı Arazsız düşünmək mümkün déyildir. Araza yüklənmiş iki qardaşı birbirindən ayırma vəzifəsi, onu hardasa bütün pisliklerin qaynağı halına gətirmiş, iki qardaşın görüşmə nöqtəsi olması da ona ən müqəddəs bir məkan olma özəlliyi qazandırmışdır. Burada şair, Arazın, həm bir milləti həm də iki qardaşi “Behrəngi ile Sehendi” birbirindən ayırdığını yéni və kinayəli bir şəkildə ortaya qoymuşdur. Bilindiyi kimi bu çay, iki Azərbaycan arasında sərhəd olaraq adı kéçdiyi gündən bəri, bir xəncər kimi Azərbaycanın qəlbinə sancılmış ve o gündən étibarən, démək olar ki bütün Azərbaycan şairlərinin və yazarlarının bitmək-tükənmək bilməyən mövzusu olmuşdur. Araz, Azərbaycan ədəbiyatında ayrılıq simvolu və ikiyə bölünmüş bir millətin göz yaşıdır:


Araz, éllərin göz yaşıdırsa
Savalan da élin qalanmış dərdi. (H. M. Savalan)


Sinə bir Dəşt-i Muğandır quzu yan yana yatıb;
Mənim ağlar gözümü orda Araz éyləmisən. (M. H. Şəhriyar)


Qaf dağından da aşıp gəlsə nəsim,
“ayrılıq” adlı çayından keçəməz. (Həbib Sahir)


və yénə éyni şairdən:
Hansı Araz? O Araz ki qərq olubdur qızıl qanda?
O Araz ki qan ağlamış Firidunlar asılanda [5]...


Və ya xalq mahnılarından:


Köşkü balaban Araza baxar
Arazın suyu gözlerden axar...


Bayatılardan:


Layla Araz a layla!
Sil yaramı qalayla!
Qan görmüşəm yuxumda;[6]
O sahili harayla!

Belə örnəklər, saymaqla bitmeyəcək qədər çoxdur...


Səməd, Arazda boğulan ilk kişi déyildir. Bu çay, “Sara” kimi bir Azərbaycan (Muğan) gözəlini də öldürmüşdür... Səhənd, “Aldın Muğanın Sarasını” misrasında, Azərbaycanın məşhur faciəsi olan “Sara ilə Xançoban” hekâyəsinə işarə etmişdir.[7]


Bəs nədən Araz hər zaman qurban istəyir? Yoxsa Araz “Səməd” və “Sara” kimi candan sévilənlərin özünə qurban vérilməsini gərəkdirəcək qədər önəmlidir? Araz o qədər sevimli, o qədər əzizdir ki, bu kimi əziz insanlar ona qurban olmalıdırlar? Bu sorunun cavabını Səhənd, şé’rin sonuna doğru vérəcəkdir. O, uşaqlığından bəri Arazı bütün ayrıntılarıyla tanıyır:

Mən Arazın adıylan
Çox zamandır tanışam.
Ən kiçik yaşlarımdan
Onu rəvanlamışam.
Qoca babam nə vaxt kən
Boğazım ağrıyardı
“Araz kéçmişəm” deyə
Boğazımı sıxardı.
Soruşardım ay baba
Araz nədir kéçmisən?
Nə kimi şéydir o ki,
Suyundan da içmisən?
Sualımdan babamın
Yaşarardı gözleri.
Üzünün çinlərində
Gizlənərdi kədəri.
Üzümə məyus-məyus
Baxıb déməzdi bir söz;
Görərdim ancaq olub
Onun tükləri biz biz.
Sonra da qardaşımın
Adın qoydular “Araz”
Lâkin onda da mənə
Aydınlaşmadı bu raz.
Ancaq “Araz” béşikdə
Yatıb yırğanan zaman,
Bu sözləri dinlərdim
anamın laylasından:
“Arazı ayırdılar!
Qum ilən doyurdular.
Mən səndən ayrılmazdım;
Zülmilən ayırdılar.” [8]


Səhəndin uşaq ikən öldüyü “Araz” və ya “Ayaz” isimli bir qardaşının olduğunu da bilirik:

Mən hələ çox kiçik ikən,
“Ayaz” ya da “Araz” adlı
xırdaca bir qardaşım da
varım imiş.
Sir-sifəti,
Mənə yuxu kimi gəlir...[9]


Bu açıdan da “Araz” adının, şairimizə yaxşı bir şeyləri tedai édən (xatırladan) kəlmələrdən olmadığına inanırıq. Béləcə Səhənd, bu məntiqlə şérdə hər hansı bir qopuqluq hissətdirmədən bunları Arazdan soruşur:

Söylə mənə, söylə Araz!
Nədən bizlə oldun bélə Araz?
Kəsdin iki qardaş arasın.
Aldın Muğanın “Sara”sın!
Boğdun élimin dəyərli balasın!


Şair, nəhayət şé’rin ən acı və ən səmimî cümlələrini (misralarını) söyləyir:


Bəsdir!
Qurbanımı qəbul éylə Araz...


Çox çətin və mürəkkəb bir ifadə olan “bəsdir” sözündə (əslində kelimələrində) narahatlıq, üsyan, acıq, partlayış, gözyaşı və təslimiyyət kimi ruh halları və fiziki halətlər tam bir tənasüb içində bir araya toplanmışdır. Bu kəlimənin iki yol təkrar olunması da bu halların ölçüsünü açıqlığa qovuşdurur. “Bəsdir” sözü bir dəfə yazılsaydı və ya üç kərə təkrar édilsəydi, şé’r bu qədər gözəl olmaya bilərdi. Şé’rin oxumasında (diklamasında) bu önəmli nöqtəni diqqətə almalıyıq.


Béləcə şair, Araza Sara və Səmədin qurban vérilməsini bir dərəcəyə qədər inandırıcı qılır (başqa bir təbirlə məşhurlaşdırır) və təlvih ilə Səmədə bir “Azərbaycan şəhidi” statusu verir.


Səhəndin bu qədər plastik,[10] incəliklər üzərində qurulmuş şé’ri çox déyildir. “İşlənmişlik” , “incəlik” və “plastiklik” , bu şé’rə mükəmməllik qazandırmaqdadır.


Yuxarıda sözünü etdiyimiz üç sətir, Səhəndin nə qədər Səməd-él (Azərbaycan milləti) ve Araz (Azərbaycan millî coğrafyası) ilə éyniləşdirdiyini (özdeşləşdiyini), onun mənsub olduğu millətinə səmimiliyini iddiasız bir şəkildə ortaya qoyur.


Bir misrada Səmədi “élin dəyərli balası” adlandıran şair, son misrada onu, Araza vérdiyi öz qurbanı “Qurbanımı qəbul éylə...” olaraq təqdim édir.


1968’də yazılmış olan bu şé’rlə 1945’də “Şairlər Məclisi” tezkərəsində basılmış olan şé’rler arasında hardasa 23 il fərq olmasına baxmayaraq Səhəndin düşüncələrində və həyat görüşündə bir fərq görülməməkdədir. O dönəmdə şé’rlərində Babək, Koroğlu, Səttar Xan, Bağır Xan ve Xiyâbânidən bəhs édər və bu şé’rdə də“Sara”dan. O, əvvəlki şé’rlərində “Xalq éşqində candan kéçən Xiyâbânî hardadır” déyərkən bu şé’rində “élimin dəyərli balasını” , “Qurbanımı qəbul éylə Araz” déyir.Səhənd yaradıcılığında Azərbaycan qəhrəmanlarına sonsuz bir saygı, səmimi bir ilgi və héyranlıq vardır. Bu saygı və sévginin, şairin “Dədə Qorqud” hékâyələrini şé’rə tökməsində böyük rol oynadığı qətidir. Şérdəki “mühit” tamamən Azərbaycana aiddir. Dil ünsürü, əski şérlərə görə biraz həlimləşmiş və sözlər, əski sərtlikdən və quruluqdan uzaqlaşmışdır.


Şérin parlaq parçalarından biri:

“Səməd!
Kimi çağırım?
Nə qədər bağırım?
Səməd!”


Bu iki sətir, əslində dörd cümlədən ibarətdir: Birinci cümlə bir, ikinci cümlə iki və üçüncü cümlə üç kəlmədir. Arxa arxaya oxunması gərəkən bu cümlələrdə, səs tonu öncə yavaş və “bağırım” kəliməsində ən yüksək həddinə çatır. Bu yüksək səs tonu, aşağıda və bir sətirdə yazılan “Səməd!” sözündə sanki boşluqda əks olunurmuş kimi bir hiss əmələ gətirir və şé’rə başqa bir ruh qazandırır. Parçanın son iki sətrindən iki fərqli oxunuşla iki ayrı anlam çıxarmaq mümkündür:

... nə qədər bağırım Səməd!?



... nə qədər bağırım
Səməd!


Səhəndin şérlərinin nə yazıq ki, əl yazma nüsxələrini görməmişik. Kəlmələr əl yazmalarında da éynən kitablarda və dərgilərdə basıldığı kimi düzülmüşsə, démək ki, Səhənd, sərbəst şé’rdə fövqəladə önəmli olan və artıq bir sənət sayılan “bölümləmə”yə önəm verməyən şairdir. Fərqli bir bölümləmə və sıralamayla, şé’rin çağrışımlarını və sətiraltı mənalarını daha séhirli étmək, daha təsirli bir səs tonu ortaya çıxarmaq mümkün idi. Fəqət, şé’rin yazarından başqa héç kimsənin bu səlahiyyəti yoxdur ve olmamalıdır da.


Altmışaltı söz və sözcükdən ibarət olan bu şé’rdə beş kərə “Səməd” və dörd kərə “Araz” sözü təkrar édilmişdir. Béləcə şérde göz alışqanlığımızın tərzinde olmasa da bir növ’ “tekrir” sənəti işlədilmişdir. Ancaq, bu sənət, o qədər gözəl işlənmişdir ki, nə gözə batır nə qulağı rahatsız édir. Səhənd, bir çox şérdə bu sənətə baş vurmuşdur; ancaq, hamısında bu şérdəki kimi uğurlu ola bilməmişdir. O, sanki bu sənətə bəzən vəzn boşluğunu, bəzən də kəlmə əskikliyini ortadan qaldırmaq üçün baş vurur.[11] Ancaq bu şérdəki təkrarlama, sanki oxucunun qulaqlarında uzun zaman “Səməd” və “Araz” sözlərini eşitməsi, əks-səda vérməsi amacıyla işledilmişdir.


Şérdə, bilərəkdən və ya bilməyərəkdən, “mərsiyə ədəbiyyatı” üsullarından ustalıqla istifadə edilmişdir. Ümumiyyətlə, bütün mərsiyələrin başlanğıcı qısa bir müqəddəmə ilə başlayır: “Səməd! Nə yazım Səməd?!” Dərəcə dərəcə təzyiqi (həyəcanı) yüksələrək irəliləyir: “Səməd! Kimi çağırım? Nə qədər bağırım?” Həyəcanın ən yüksək nöqtəsinə ulaşar və yavaş-yavaş şérin son misrasına doğru zeifləşərək énər və bitər: “Qurbanımı qəbul éylə Araz.” Mərsiyə şé’rinin ən yüksək təzyiq nöqtəsi ortasında olar və yorğunluq, gücsüzlük ve təslimiyyət ilə sona yetər.


Səhənd, həmən bütün şérlərində olduğu kimi, bu şérində də “Él”den danışmadan kéçə bilmez: “Boğdun élin ən dəyərli balasın!”


Şé’r, ortaya qoyduğu tablo və təsvir étibarıyla da zəngindir: / Dənli xərmənin od tutması / Sərin su kuzəsinin tökülməsi / Yanıq ciyərin alovlanması / Göz yaşına baxan insanın olmaması / İki qardaş arasının kəsilmiş olması / Xalqın ən dəyərli balasının boğulması / İnsanın qurban vérilməsi vsehife: Bu qədər tablo və təsviri uyumlu bir şəkildə həcm é’tibarıyla bu kimi kiçik bir əsərdə ortaya qoya bilmək bir başarıdır.


19 sətirdən ibarət olan bu şérin sadəcə bir sətri: “Göz yaşıma kim baxacaq” Şəhriyarın “Göz yaşına baxan olsa qan axmaz”[12] misrasını tedai édir. Géri qalan 18 sətir orginal və şairin öz səsidir.


Şairin yer- yer Azərbaycan xalq ədəbiyyatından və folklorundan ilham aldığı görülməkdədir. Azərbaycan folklorunda “axmaq” (süzülerek yürümek) və “baxmaq” arasında çox incə və zərif bir bağ vardır. Bu kəlimələr sanki sevgilinin nazlana- nazlana yürüməsini və aşiqin yana- yana baxmasını xatırladır. Béləcə, Araz çayı, telvihen bir məşuq yérine qoyulmuşdur. Üstəlik göz yaşı ilə Araz arasında olan qarşılıqlı əlaqədən az öncə bəhs étmişdik.


Səhənd, -öz baxış acısına görə Azərbaycan millətinin sosyal və siyasî məsələlərinə dayanmayan şérini boş-boşuna yazmamışdır. Görüldüyü kimi bu şérində də bu alışqanlığını və yaxud üslubunu ortaya qoymuşdur.
**
Səhəndin “Qurbanımı qəbul eylə Araz” şérini incələməyə çalışdıq. Bu şéri, -umumî bir hökmə varmaq istəsək- Səhənd’in sayı baxımında az olan qısa şé’rlərinin ən gözəllərindən biri olaraq qəbul édə bilərik. Bulud Qaraçorlu Səhəndin başqa şé’rlərinin təhlilini bir arada vérdiyimiz zaman bu sözün gerçək olub- olmadığının özlüyündən ortaya çıxacağına inanırıq.


Səhəndin bu şé’ri, Səməd Béhrəngîyə farsca yazdığı digər şérindən qat -qat üstündür
--------------------------------------------------------------------------------


[1] Səməd Béhrəngi haqqında daha çox bilgi üçün bax: Türk dili və ədəbiyatı ensiklopediyası, İstanbul, I. c. Səhifə: 380. vs.
[2] “Bir Qara İl Dönümü” adlı yazıdan iqtibasən. bax: Varlıq, 1359 (1979), Sayı: 6, səhifə: 73.
[3] “Səhənd’in Həyatı və əsərləri üzərində bir araşdırma” adlı tənqidi kitabımızı çapa hazırlayırıq.
[4] Səhəndın bu şé’ri ilk dəfə 1945 ilində Təbrizdə çıxmış “Şairlər Meclisi” adlı tezkərə-antolojidə basılmışdır. Elave bilgi üçün bxz: Şairler Meclisi, Tebriz, 1945, sehife: 350-351.
[5] Firidun İbrahimî; 1945-46 ilınde G. Azerbaycan’da Seyid Cefer Pişeveri önderliyinde qurulmuş olan millî hökûmetde bakanlıq (nazirlik) vezifesinde olmuşdur. 1946’da Şah qüvvetlerince yaxalandı ve asıldı.
[6] Qedim Azerbaycan inanclarına göre “yuxuda qan görmek” qovuşmaqdır.
[7] Bu trajedi, Günéy Azerbaycanlı şair Hüséyn. Mecidzade. (Savalan) terefinden şé’re çekilmiş ve “Apardı Séller Saranı” adıyla neşr édilmiştir. Urmiyeli araşdırmacı Camal Ayrımlı, bu eseri Farsçaya çévirmiş ve yayımlamışdır.
[8] Bulud Qaraçorlu (Sehend), Dedemin Kitabı, Redaktor: Mehemmedeli Ferzane, İstokholm, 2001, sehife: 7-8.
[9] Dedemin Kitabı, sehife: 269.
[10] Plastik senet: Héykel, sramik kimi üç bö’dlü olan sen’etler. Plastik şé’r: Çox prespektivli, iç içe girmiş sen’etlerle bezenmiş ve işlenmiş şé’r.
[11] Tekrir sen’etini bu amacla işletmek eslinde “ze’f-i te’lif”dir.
[12] Mehemmed Hüséyn (Şehriyar)ın “Héyder Babaya Salam” menzumesinden.

* * *

Friday, March 05, 2004



بولود قاراچورلو سهند

شئعر- من‌ تبريز'دن‌ گلميشه‌م

بيلميره‌م‌ آغلاييم‌، بيلميره‌م‌ گولوم‌،
بيلميره‌م‌ آچيليب‌، يا سولوب‌ گولوم‌!
دانيشماغا توتمور آغزيمدا ديليم‌،
آخي‌ دوستلار، من‌ تبريز'دن‌ گلميشه‌م‌!

مندن‌ سوروشمايين‌ تويدان‌، بايرامدان‌،
نغمه‌دن‌، ماهني‌دان‌، باده‌دن‌، جامدان‌،
اوغول-‌ اوشاغيمدان‌، بالا ـ بولامدان‌،
آمان‌ دوستلار، من‌ تبريز'دن‌ گلميشه‌م‌!

سؤز آچمايين‌ منه‌ يازدان‌، باهاردان‌،
يا ايستي‌ اوره كلي‌، ايستكلي‌ ياردان‌
سورمايين‌ او عزيز آنا ديياردان‌،
آمان‌، دوستلار، من‌ تبريز'دن‌ گلميشه‌م‌!

سورمايين‌، سورمايين‌ ياشيل‌ داغلاردان‌،
شاختا قارسيلايان‌ بارلي‌ باغلاردان‌،
يا دا، باغريمداكي‌ چارپاز داغلاردان‌،
آمان‌ دوستلار، من‌ تبريز'دن‌ گلميشه‌م‌!

عاريفلر درديمي‌ آنلايار ـ قانار،
آليشانلار آلوولانار، اودلانار،
بعضيلر سؤزومو افسانه‌ سانار،
آمان‌ دوستلار، من‌ تبريز'دن‌ گلميشه‌م‌!

يارادان‌ ديل‌ وئريب‌ اينسان‌ دانيشا،
ال‌ ـ قول‌ وئريب‌ حيات‌ اوچون‌ ووروشا،
اوره ك‌ وئريب‌ سئوه‌، كوسه‌، باريشا،
آمان‌ دوستلار، من‌ تبريز'دن‌ گلميشه‌م‌!

گوناهيم‌: ثروتيم‌، دوشونجه‌م‌، ديليم‌،
ال‌ ـ قولوم‌ زنجيرده‌، يورد، ديليم‌ ـ ديليم‌،
اوره ييم‌ شان‌ ـ شاندير، باغليدير ديليم‌،
آمان‌، دوستلار، من‌ تبريز'دن‌ گلميشه‌م‌!

شاعيرين‌ سيلاحي‌ كلمه‌دير، سؤزدور،
ياخان‌ شاپالاقدير، ياخيلان‌ اوزدور،
گؤيه رن‌ ياناقدير، قيزاران‌ گؤزدور،
آمان‌، دوستلار، من‌ تبريز'دن‌ گلميشه‌م‌!

قلم‌ سونگو ايله‌ قارشي‌ دورا؟...هئي‌...
كاغاذ قالخان‌ اولا، جان‌ قورويا؟...هئي‌...
ناحاق‌ قان‌ قورويا، قورومايا؟...هئي‌...
آمان‌ دوستلار، من‌ تبريز'دن‌ گلميشه‌م‌!

سؤز دوستلارينا من‌ دايانانميرام‌،
بوش‌ بوغاز سؤزونه‌ اينانانميرام‌،
جان‌ قويماقلا، سؤزو، بير سانانميرام‌،
چونكو دوستلار، من‌ تبريز'دن‌ گلميشه‌م‌!

باده‌ مجليسينده‌، ايستي‌ اوتاقدا،
اؤيونمك‌ ده‌ اولار، بلكه‌ جوشماق‌ دا،
ايش‌ مرره‌ باشينا يئتيشه‌ن‌ واختدا،
آمان‌ دوستلار، من‌ تبريز'دن‌ گلميشه‌م‌!

لاله‌نين‌ توتولدو باغري‌ قارالدي‌؟
بولبولون‌ نه‌ اولدو رنگي‌ سارالدي‌؟
قان‌ قارداشلاريم‌ بس‌ هاياندا قالدي‌؟
آمان‌ دوستلار، من‌ تبريز'دن‌ گلميشه‌م‌!

طالئعيم‌ بللي‌دير دوستا، دوشمانا،
دئميره‌م‌ او باشي‌ دومانلي‌ آنا،
لاله‌يه‌ بورونوب‌ يا باتيب‌ قانا،
آنجاق‌ دوستلار من‌ تبريز'دن‌ گلميشه‌م‌!

ساوالان‌ اوره كلي‌ تبريز آناسي‌،
اللري‌ اوستونده‌ قاليب‌ بالاسي‌،
تويو چاليناركن‌ باشلاييب‌ ياسي‌،
آمان‌ دوستلار، من‌ تبريز'دن‌ گلميشه‌م‌!

ديرناقلانيب‌ گلينلرين‌ ياناغي‌،
گردكلر اولوبدور « قاسيم‌ » اوتاغي‌،
قيرميزي‌ گئيينيب‌ عئينالي‌ داغي‌،
آمان‌ دوستلار، من‌ تبريز'دن‌ گلميشه‌م‌!

دومان‌ چولقاييبدير داغلاري‌، دوزو،
شهه‌رين‌ آغزيندا قاليبدير سؤزو،
آنجاق‌، سحر ـ آخشام‌ قيزارير گؤزو،
آمان‌ دوستلار، من‌ تبريز'دن‌ گلميشه‌م‌!

دؤنوم‌ ـ دؤنگه‌لرده‌ قوردلار اولاشير،
سومسوك‌ ـ سومسوك‌ گزير، گاه‌ قودوزلاشير،
بعضن ده‌ ديشلري‌ قانا بولاشير،
آمان‌ دوستلار، من‌ تبريز'دن‌ گلميشه‌م‌!

درين‌ دنيز كيمي‌ ساكيتدير شهه‌ر،
سس‌سيز ييرقالانير قالين‌ لپه‌لر،
بو سوكوتدا نه‌لر گيزله‌نيب‌، نه‌لر؟...
آمان‌ دوستلار، من‌ تبريز'دن‌ گلميشه‌م‌!

سهند'ين‌ ايچينده‌ كوپسونور وولقان‌،
باشيندا گاه‌ دومان‌، گاه‌ دا كي‌، توفان‌،
بويلانير شهه‌ره‌ باخير نيگاران‌،
آمان‌ دوستلار، من‌ تبريز'دن‌ گلميشه‌م‌!

وطن‌ دميرده‌دير، وطن‌ داردادير،
گؤزلري‌ يول‌ چكير، اينتيظاردادير،
«شهرييار» قارداشيم‌ گؤره سن‌ هاردادير،
آمان‌ دوستلار، من‌ تبريز'دن‌ گلميشه‌م‌!

تهران‌، اسفند 1356